Yanvarın 24-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında bir sıra ali təhsil müəssisələrinin rəhbərlərinin, ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndələrin, habelə yazarların və digər incəsənət xadimlərinin “Nizami Gəncəvi-880” xatirə döş nişanının təqdimetmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxış edərək Prezident İlham Əliyevin Sərəncamı ilə ötən ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsinin dövlətimizin mədəniyyətə, milli kimlimizə sadiqliyinin sübutu olduğunu diqqətə çatdırıb.
“Nizami Gəncəvi İli” çərçivəsində ölkəmizdə və xaricdə reallaşan layihələrdən söz açan Elnur Əliyev söyləyib: “Xalqın ən böyük sərvətlərindən biri onun milli-mənəvi dəyərlərinin, mədəniyyətinin formalaşmasında mühüm rol oynayan dahi şəxsiyyətləri, tanınmış mütəfəkkirləridir”.
Sonra Elnur Əliyev ali təhsil müəssisələrinin rəhbərlərinin, ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndələrə, habelə yazarlar və digər incəsənət xadimlərinə “Nizami Gəncəvi-880” xatirə nişanlarını təqdim edib. Təltif olunanlar arasında bir çox təhsil müəssisələrin rəhbərləri Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov və digərləri olub.
Qeyd edək ki, xatirə nişanı Mədəniyyət Nazirliyi tərəfindən “Nizami Gəncəvi İli”ndə öz yaradıcılığı ilə fərqlənən musiqi, teatr, kino və incəsənətin müxtəlif sahələrində çalışanlara, habelə elm və ədəbiyyat xadimlərinə təqdim edilir.