- Mədəniyyət

Xalça Muzeyində açılmış “Varlığın fraqmentləri” adlı rəsm sərgisinə yekun vurulub

Ötən ilin noyabr ayının 30-da Azərbaycan Milli Xalça Muzeyində açılmış məşhur gürcü rəssamı, sənətşünas Nino Kipşidzenin əsərlərindən ibarət “Varlığın fraqmentləri” adlı sərgisinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Gürcüstanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə geçəkləşmişdi. Sərginin ekspozisiyasında Nino Kipşidzenin oturtma tikmə texnikasında yaratdığı 45 panno nümayiş olunub.

Nino Kipşidzenin əsərləri rəngkarlıq və tekstilin incə, valehedici keçidində yer alır. Rəssam əsasən mənzərə və natürmort janrında işləyir. Onun əsrarəngiz mənzərələri lakonikliyi ilə Şərq qravüralarını, bəzən isə hətta memarlıq elementlərini xatırladır. Nino Kipşidzenin yaradıcılığında, sözün əsl mənasında, ləçək-ləçək yığılmış əlvan gül dəstəli natürmortlar olduqca çoxdur. Bununla yanaşı, rəssam fiqurativ kompozisiyalar da yaradır. Sənətkar öz yaradıcılığı ilə gürcü tekstil sənətinin qədim ənənələrini yaşadır.

Sərginin kuratoru – Gürcüstan Milli Muzeyinin baş kuratoru, Tbilisi Dövlət Universitetinin professoru İrina Koşoridze idi.