Xətai Sənət Mərkəzində “Akvarel təəssüratları” mövzusunda akvarel əsərlərindən ibarət satış sərgisi keçirilib. Beynəlxalq Akvarel Cəmiyyətinin (IWS Globe International Watercolor Society) 10 illik yubileyinə həsr olunan sərgidə 60-a yaxın sulu boya ilə işləyən rəssamın 80-dək əsəri nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, sərgi Milli Məclisin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası, Beynəlxalq Akvarel Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (“IWS Azerbaijan”), “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi, “Nəfəs” İctimai Birliyi və Xətai Sənət Mərkəzinin nəzdindəki Xətai Akvarel Qalereyasının dəstəyi ilə təşkil edilib.
Sərginin təşkilində məqsəd ölkəmizdə sulu boya sənətinin inkişafı, təbliği və bu sahədə çalışan rəssamların yaradıcılığının dəstəklənməsidir.
Mədəniyyət Komitəsi və “Nəfəs” İB tərəfindən 16 akvarel əsərinin satın aldığını deyən Qənirə Paşayeva, sərgi iştirakçılarını da satış sərgisində fəal olmağa çağırıb.
Tədbirin sonunda sərgidə əsərləri nümayiş etdirilən rəssamlara hədiyyələr və sertifikatlar təqdim olunub.