- Ədəbiyyat

Gecə gördüm səni, ey afəti-dövran, yuxuda

Seyid Əzim ŞİRVANİ

Gecə gördüm səni, ey afəti-dövran, yuxuda –

Ki, edərdin mənə yüz lütfi-firavan yuxuda.

Görmüşəm ləlüvi, lazımdı tökülsün qanım,
Etibar olmaz əgərçi görələr qan yuxuda.

Zahirən abi-bəqayə yetəcək xəstə könül
Kim, bilibdir dəhənin sirrini pinhan yuxuda.

Nola ləlin görübən zövq ilə xəndan olsam,
Rəsmdir: – şad olu hər kim ola giryan yuxuda.

Var ümidim ola cəmiyyəti-vəslin məqdur
Ki, qara zülfüvi göz gördü pərişan yuxuda.

Gecə gördükdə səfayi-rüxün, ey Kəbeyi-hüsn.
Kaş olaydım, dolanıb başuva, qurban yuxuda.

Seyyidi-zar görüb vəslüvi bidar olmuş,
Bir gədadır ki, görüb özünü sultan yuxuda.