Dünyaşöhrətli rejissor Ceyms Kameron tamam fərqli layihələrlə məşğul olmaqdan ötrü gələcəkdə çəkiləcək “Avatar-4” və “Avatar-5” filmlərinin rejissoru postunu başqa bir rejissora həvalə edə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə o özü xarici KİV-ə məlumat verib. Rejissor başqa layihələrlə də məşğul olacağını istisna etməyib.
“Avatar” layihəsinin özü çox iş və zaman tələb edir. Mənim işləmək istədiyim başqa maraqlı ideyalarım da var. Düşünürəm ki, zaman keçdikcə üçüncü və ya dördüncü “Avatar”dan sonra bu layihədə estafeti bəlkə də başqa bir rejissora ötürmək istəyəcəyəm. Bunun sayəsində də mənim üçün maraqlı olan başqa işlərlə də məşğul ola bilərəm. Ya da ola bilsin ki, yox. Hələ bu barədə dəqiq heç nə bilmirəm”, – deyə C.Kameron bildirib.
“Avatar” layihəsi rejissor C.Kameron üçün son dərəcə əhəmiyyətli iş olaraq qalır. O qeyd edib ki, elmi-fantastik kainat və hekayə onun baxışlarını, həmçinin ideyalarını tam əks etdirmiş olur.
Xatırladaq ki, “Avatar 2: Suyun yolu” filmi 2022-ci ilin dekabrında ekranlara çıxacaq.