- Ədəbiyyat

Qasım bəy ZAKİR. Çağıdı

Qadir Allah səbəb salıb arayə,
Sevdiyim, ixtilat qatmaq çağıdı.
Dur qolboyun olaq, fursət var ikən,
Nə qəmə, qüssəyə batmaq çağıdı?

Götür qoy bir səmtə bəzəyin, sərin,
Qorxuram dağıla zərü zivərin.
Başın qüllabəsin, belin kəmərin
Hər biri bir yana atmaq çağıdı.

Üz bürüməz yar yarını görəndə,
Bu xasiyyət nədir bilməzəm səndə?
Biganələr kimi oturma gendə,
Gəl sarmaşaq, alıb-satmaq çağıdı.

Qul xətasız olmaz, ey çeşmi xumar!
Öldürsən də, sonra ixtiyarın var.
Bu gündən sabaha yoxdur etibar,
Soyun, gecə keçdi, yatmaq çağıdı.

Canım qurban qaşların tağına,
Pərvanə tək dolan solu sağına.
Zakir, dön başma, düş ayağına,
Nə danışıb söz uzatmaq çağıdı?!