Nüsrət Kəsəmənli
Getmək istəyirsən bəhanəsiz get
Oyatma mürgülü xatirələri
Səsin həmin səsdir, baxışın ögey
Gedirsən səsin də yad olsun barı.
Sən dəniz qoynuna tullanmış çiçək
Üstünə dalğalar atılacaqdır
Saxta məhəbbətin, saxta sənəd tək
Nə vaxtsa üstünə tutulacaqdır.
Demirəm sən uca bir dağsan əyil,
Demirəm əlacım qalıbdır sənə,
Nə səndə məhəbbət pul deyil,
Nə məndə dilənçiyəm əl açım sənə.
Döşənim yollar tək ayaqlarına
Sənə yalvarım mən, bu mümkün deyil.
Qoymaram qəlbim tək vüqarım sına
Alçalıb yaşamaq ömür-gün deyil.
Getmək istəyirsən o yol o da sən
Bir cüt göz baxacaq arxanca sənin.
Getdinmi geriyə dönmək istəsən
Tikanlı yastığa dönəcək yerin.
Getmək istəyirsən nə danış nə din
Yaxın yol uzaqlar, dumanda-çəndə.
Nəyimi sevmişdin deyə bilmədin
İndisə yüz eyib görürsən məndə…
Getmək istəyirsən bəhanəsiz get
Oyatma mürgülü xatirələri.
Səsi həmin səsdir baxışın ögey
Gedirsən səsin də yad olsun barı.