- Mədəniyyət

Bakıda Türk Filmləri Həftəsi keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Bakıdakı Yunis Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə Bakıda Türk Filmləri Həftəsi keçiriləcək.

Bu barədə “Report”a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbir dekabrın 17-dən 21-dək davam edəcək. Tədbir çərçivəsində Türkiyə kinematoqrafçılarının son illər istehsal etdikləri 7 yeni ekran əsərinin Nizami Kino Mərkəzində nümayişi, tanınmış Türkiyə kinorejissoru Semih Kaplanoğlunun iştirakı ilə azərbaycanlı gənc kinosevərlər üçün ustad dərsinin təşkili nəzərdə tutulub.

Tədbirlə əlaqədar olaraq, sözügedən filmlərin yaradıcı heyətləri də daxil olmaqla Türkiyənin tanınmış kinematoqrafçıları və Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrindən ibarət heyət ölkəmizə səfər edəcək.

Film nümayişlərinə və ustad dərsinə giriş sərbəstdir.