Hər il avqustun 9-u Beynəlxalq Kitabsevərlər Günü kimi qeyd edilir.
AZƏRTAC xəbər verir ki, bu möhtəşəm gün ilk olaraq Amerika Birləşmiş Ştatlarında qeyri-rəsmi olaraq Milli Kitab günü kimi qeyd olunmağa başlanıb. Daha sonra isə Amerikada yaranan bu bayram demək olar ki, dərhal dünyanın bir çox yerlərində pərəstişkar qazanaraq Beynəlxalq Kitabsevərlər Gününə çevrilib. Bu gün bütün dünyada insanlara kitab hədiyyə etməklə qeyd edilir. Bu isə kitabsevərlər üçün ən gözəl bayramdır. Kitabı sevdirmək üçün onu hədiyyə etməkdən başlamaq lazımdır. Bu oxucuları mütaliəyə cəlb etməyin ən gözəl yoludur. İllərdir oxuduğumuz, təkrar oxumayacağımız kitabları başqalarına, ətrafımızdakı insanlara bağışlaya, onların da faydalanmalarını təmin edə və bununla mütaliəni dəstəkləyə, onları mütaliəyə təşviq edə bilərik.
Kitabın sehri xüsusi bir möcüzədir. Oxumağı sevən bir insan üçün hansı ədəbi janrı üstün tutmasından asılı olmayaraq, sevimli kitabı ilə görüş xoşbəxt andır və yeni bir əsəri oxumağın başlanğıcı, insanın şüuru və təxəyyülü üçün kəşf edilməsi lazım olan bir dünyadır.
Əgər siz bu bayram münasibətilə hansısa kitabsevəri təbrik etmək istəyirsinizsə ona kitab hədiyyə edin.