Haaqada ənənəvi “Səfirliklər Festivalı” (“Embassy Festival”) keçirilib. Festival bu ölkədə akkreditə olunmuş səfirliklərin birgə təşkilatçılığı ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələrin mədəniyyətlərinin təqdim edildiyi festivalda Azərbaycanın Niderlanddakı səfirliyi də təmsil olunub. Festivalda iştirakçı dövlətlər mədəniyyətlərini, mətbəxlərini, musiqilərini təqdim ediblər.
Ənənəvi olaraq sentyabrın əvvəlində keçirilən “Səfirliklər Festivalı”nda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində onun ölkəmizin tarixindəki böyük rolundan danışılıb. Həmçinin Azərbaycan pavilyonunda ölkəmizin tarixi və mədəniyyətinə dair kitablar nümayiş olunub və milli mətbəxin ən ləziz təamları təqdim edilib.
Azərbaycan stendinin ziyarətçiləri ölkəmizin mədəniyyəti, incəsənəti və turizmi haqqında ətraflı məlumatlandırılıb, broşürlər paylanılıb.
Festival çərçivəsində Azərbaycan səfirliyində “açıq qapı” keçirilib və yerli ictimaiyyətin nümayəndələri qruplar şəklində səfirliyin binası ilə yaxından tanış olublar. Ziyarətçilər dövlət rəmzlərimiz, xarici siyasətimiz, tariximiz, mədəniyyətimiz və musiqimiz haqqında məlumat verilib.
Festivala Niderland Krallığında akkreditə olunmuş səfirlər, diplomatlar qatılıb. Haaqa şəhərinin meri Jan Hendrikus Cornelis van Zanen hər ölkənin pavilyonuna yaxınlaşıb səlahiyyətli nümayəndələrlə görüşüb, onlarla festival haqqında fikir mübadiləsi aparıb, ölkələrin milli mədəniyyəti və mətbəxi ilə tanış olub.
Festival hər il on minlərlə ziyarətçini qəbul edir. Ziyarətçilər Azərbaycanın məhsullarına və kulinariya incilərinə heyranlıqlarını bildirib və ölkəmizin mədəniyyəti ilə daha yaxından tanış olmaq arzularını ifadə ediblər.