Ukraynanın paytaxtı Kiyev şəhərində dünyaşöhrətli müğənni və bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları Kiyevdə Müslüm Maqomayev adına parka gələrək onun abidəsi önünə tər çiçəklər düzüblər.
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev abidə önündə çıxış edərək bildirib ki, Ukraynada Müslüm Maqomayevin xatirəsi ehtiramla anılır. O nəinki azərbaycanlıların, bütün dünya xalqlarının qəlbində elə sevgi abidəsi ucaldıb ki, bu gün də sevilir, anılır. “Azərbaycan musiqi mədəniyyəti tarixində onun öz yeri, öz çəkisi var. Zaman keçir, illər dəyişir, amma onun sənətinə və şəxsiyyətinə tükənməz sevgi nəinki azalmır, əksinə daha da artır. Bu gün Müslüm Maqomayev təkcə azərbaycanlı kimi yox, həm də bəşəri sənətkar kimi qəbul edilir, tanınır, öyrənilir”, – deyə səfir əlavə edib.
Qeyd edək ki, bu gün dahi sənətkarın vəfatından 15 il ötür.