- Mədəniyyət

Berlin kinofestivalı 2024-cü ilin müsabiqə proqramını elan edib

Berlin kinofestivalı 2024-cü ilin müsabiqə proqramını elan edib. Proqrama Berlinalenin rəsmi proqramında, eləcə də “Encounters” (Görüşlər) proqramında iştirak edəcək 20 film daxil edilib.

AZƏRTAC Berlin kinofestivalının saytına istinadla xəbər verir ki, festivalın proqramını Tim Milantsın baş rolunda Killian Mörfinin çəkildiyi “Belə xırda şeylər” tarixi dramı açacaq.

Festivalda, həmçinin Abderrahman Sissakonun “Qara çay”, Alonso Ruispalasiosun “Mətbəx”, Mati Diopun “Daqomeya” və “Başqa adam” filmlərinə baxmaq mümkün olacaq. Bundan əlavə, proqrama Bryuno Dumontun “İmperiya”, Marqarita Vikarionun “Qələbə!”, Olivye Assayasın “Vaxtdan kənar”, Andreas Drezenin “Hildadan sevgi ilə”, Betaş Sanex və Miriam Mokvadamın “Ən sevdiyim tort”, Kler Byurgerin “Yad dil”, Meryam Juberin “Mən kimə aidəm” filmləri və digər ekran əsərləri daxil edilib.

“Encounters”in proqramına isə rejissor Georgios Zoysun “Arkadiya”, Juliana Rojasın “Cidade; Campo”, Mamadu Dianın “Demba”, Giyoma Kayonun və Ben Rassellin “Birbaşa hərəkət” (Direct Action)” filmləri və digər ekran əsərləri daxil edilib. Bundan başqa, festivalda Adam Sandlerin iştirakı ilə “Astronavt” və Cessi Ayzenberqin oynadığı “Qar adamının qürubu” filmləri nümayiş olunacaq.

Berlinale 2024-cü il fevralın 15-dən 24-dək keçiriləcək.