Qələbə
Nənəmin nağılıtək
Qələbə də şirindir.
Sonda düşən almalar
Xalqım, hamısı sənindir.
Nənəm oyatdı məni:
– “Ayla qızım, dur, ayıl,
Məhv etmişik düşməni
Azad olub Cəbrayıl.
Könüllərin körpüsü
“Xudafərin” bizimdir,
Qalib millət olmuşuq,
Əziz balam, biz indi.
Nənələrin göz nuru
Xalçalar yaddaşıdır,
Sərvətini talayıb
Qarı düşmən daşıdı.
“Divlər sarayı” günbəz,
“Qala bürcü”, kəhrizi
Sinəsindən silinməz
Tarixdə qalar izi.
19 noyabr 2020
Şəhid qardaşım
Özünü alovlara atıb, göyə çəkildin,
Nəfəsini havaya qatıb, göyə çəkildin,
Əvvəlcə insan idin, oğul idin, hər kimdin
İndi Vətən olmusan, əziz şəhid qardaşım!
Neçə-neçə insanın əcəlidir ölümün,
Şəhidlik ərköyünü, dəcəlidir ölümün,
Qələbəni, zəfəri becəribdir ölümün
İndi Vətən olmusan, əziz şəhid qardaşım!
Sən şərəfdə, şöhrətdə zirvələrdən ucasan,
Ruh olmusan yurdunun göylərində uçasan,
Qırx dörd günün içində tarix yazıb nə asan
İndi Vətən olmusan, əziz şəhid qardaşım!