- Ədəbiyyat

Gülyaz ƏLİYEVA. Zaman, vaxt qatarı və ya qırmızı paltarlı gəlincik…

“Görəsən, kimin baxtına nə çıxacaq?” ifadəsini ara-sıra işlədirik. İnsanın baxtına çıxan ən vacib şey – Vaxtdır”. R.Hüseynov

Vaxtında gəlmədik bu dünyaya biz… kimimizin uşaqlığı, kimimizin gəncliyi ilk bahardaykən qəfil şaxtaya, çovğuna düşdü! …

Uşaq vaxtı qatarları çox sevirdim. Çünki atam tez -tez qatarla Bakıya gedər, vaqondan düşəndə mütləq mənə gəlincik və o zamanlar çox dəbdə olan “Skazka” (“Nağıl”- G.Ə.) tortu alıb gətirərdi. Nərildəyə-nərildəyə, taqqıldaya-taqqıldaya gələn, çoxlu vaqonları olan bu qatarı mən sehrli nağıllar aləmindən gələn xeyirxah əjdaha hesab edirdim. Elə bilirdim ki, atamı mənə gətirən bu vaqonlar nağıllar aləmindən gəlib və atam da “Nağıl” tortunu o aləmdən alıb gətirir mənimçün…
Çoxlu vaqonları olan qatar oyuncağım da vardı və mən “Qatar gəlir uzaqdan, Taq-taq, taq-taq, taq-taq, taq”, – oxuya-oxuya onlarla oynayardım. Daim hərəkətdə olardı mənim qatarımın vaqonları və onlardan əlində gəlincik və “Nağıl” tortu olan atalar düşüb gəlirdilər evlərinə, uşaqlarının yanına… Mənim qatarımın vaqonları bir yerdə düşüb qalmaz, onlardan adamlar ev kimi istifadə etmək məcburiyyətində olmazdılar!… Atalar uşaqlarının yanına – evlərinə (məhz öz doğma ata-babalarından qalma evlərinə), hədiyyələrlə gedərdilər!.. İndisə vaqonlara nifrət edirəm. Onlar mənə acı bir xatirəni xatırladır daim!..

Ev-eşiyimizdən, şəhərimizdən didərgin düşmüşdük. Müvəqqəti olaraq Ağcabədidə yaşayan bir qohumun evinə sığınmışdıq. Şose yoldan bir qədər aralı 3 köhnə vaqon var idi. Xocalıdan didərgin düşmüş 3 ailə orada özlərinə müvəqqəti sığınacaq tapmışdı Yolun kənarında, günün çıxandan batana kimi döyəclədiyi, bircə ağacın, yaşıllığın olmadığı ilanmələyən çoldə atılıb qalmışdı bu köhnə, çox yeri çürümüş vaqonlar. Yolun üstündə olduqlarından, həm də eyni bölgədən olduğumuzdan gedib-gələrkən bu ailələrlə salamlaşar, hal-əhval tutar, ermənilərdən, vəziyyətdən danışardı anam. Məni məktəbə həmişə anam yola salar, anam da mütləq özü gətirərdi, odur ki, həmişə məni anamın yanında gördüklərindən bu ailələrin uşaqları məni tanıyır, özlərinə yaxın hesab edirdilər. Bizdən başqa onların tanıdıqları yox idi orada …
Vaqonlarda yaşayanlar qohum idilər. Yaşlı bir ailə, onların oğlunun və qızının ailəsi id. Qoca kişi və arvadı oğullarını itirmiş gəlini və uşaqları ilə bir vaqonda, bir oğlunun və qızının ailəsi də başqa vaqonlarda məskunlaşmışdı. Burada 9 uşaq böyüyürdü. Əgər bunu böyümək hesab etsək!..Yaşca bir-birlərindən çox az fərqlənən bu uşaqların hamısı oğlan, biri qız id.i Sakıtliliyi və gözəlliyi ilə diqqətimi çəkmişdi, balaca olmasına baxmayaraq daim kədərli görünən bu qız. Adı Ceyran idi. İri qapqara ceyran gözlərinə oxşar gözləri (görünür, ona görə adını Ceyran qoymuşdular), qara uzun saçları, fındıq burnu, yumru sifəti vardı. Güləndə yanağı batar, çökək əmələ gələrdi O çökəkdən çənəsində də vardı ki, bu çökəklər gülərkən onun sifətinə məxsusi gözəllik verirdi…

O vaxtlar mən institutda oxuyurdum, evə tətildən-tətilə gəldiyimə, institutda oxuduğuma, xarici görkəmim də, geyim-gecimimdə nisbətən ətrafındakılardan fərqləndiyimə görə (tələbəydim axı) uşaqların mənə xüsusi rəğbəti və marağı var idi. İnstitutdan əlimdə iri yol çantaları ilə evə gələndə sifətləri öyrəşmədikləri yandırıcı günün şüasından qaralıb çatlamış bu uşaqların hamısı məni qarşılamaq üçün yüyürər, görüşər, mənə gücləri çatandan kömək etməyə çalışardılar…
Ceyran da həmişə bu uşaqların içində olardı. Mən də mütləq bu uşaqlara nə isə hədiyyə alıb gətirərdim, şokaladmı, lakmı, nə isə xırda, çox pul tutmayan tələbə hədiyyəsi…

Qış tətilində evə gələndə Ceyranı bu uşaqların arasında görmədim. Öyrəndim ki, uşağın kürəyində vitaminsizlikdən və kalsium çatışmazlığından nə isə quz əmələ gəlib. Əlımdə plitka şokaladla onlara keçdim. Uşaq yorğan-döşəkdə idi. Ailə namuslu, amma çox kasıb idi… Ata Qarabağ müharibəsində itkin düşmüş, baba-nənə umudunda idilər. Anası məni kənara çəkib yalvardı ki, nə qədər edirik həkimə getmir, bərk qorxur, sənə inanır, bəlkə sənin sözünə baxıb həkimə gedə…
Ceyran yuxulamışdı. Məni görüb oyandı və sevindi, dikəlib oturdu, qara saçları kürəyinə səpələnmişdi. Saçlarını topalamaq ustədikdə əlim qəfil kürəyindəki quza toxundu.Qız da, elə mən də diksindik! Kürəyindəki quz əməllicə böyümüşdü. Özümü bilməməzliyə vurdum. Nə qəşəng saçların var, dedim,_gələn dəfə Bakıdan sənə qəşəng saç sancağı alıb gətirəcəm. Uşaq maraqlandı: necə səninki kimi?
Hə, mənim sancağım qaradı, sənə qırmızısın alacam,_dedim.
Uşaq “alacam”sözündən ürəkləndi:
– Sancaq istəmirəm, mənə qırmızı paltarlı gəlincik ala bilərsən, xala? Aytəninki kimi, amma paltarı qırmızı olsun, sənə oxşasın, deyə mənə heyranlıqa, yalvarışlı baxışlarla baxdı. O qədər səmimi, yalvarıcı səslə dedi ki, mənim gözlərim yaşardı.
– Alacam, amma gərək həkimə gedəsən, dedim.
Həkim sözünü eşidəndə uşağın sifətini qara buludlar örtdü, qaş -qabağı sallandı, yüngülcə təbəssümdən çöhrəsini gözəlləşdirən yanağındakı çökəklərdən əsər-əlamət qalmadı…
Getmək istəmədiyini bildirdi. Sən demə, keçən dəfə onu həkimə aparanda həkim deyibmiş ki, kürəyini toka vermək lazımdır. Qız da “tok” sözündən qorxubmuş. Mənim onu çox dilə tutduğumu görüb, bildirdi ki, həkim məni tokla öldürmək istəyir. Həkimlər qəddardı, dedi.
– Niyə? Həkimlər xeyirxahdı, adamları sağaldır, – dedim.
– Bəs niyə onda hər dəfə həkim bizə gəlib -gedəndən sonra anam ağlayır, bizim bütün pullarımızı alıb aparır, sonra biz 3 gün çörək almağa pul tapmırıq, mən həkimə getməyəcəm, həkimlər zalımdı.
Qız bunu o qədər qətiyyətlə
dedi ki, düzü qorxdum və sözümün arxasını gətirmədim…

Yaz tətilində yenə uşaqlar qarşıma yüyürüb gələndə Ceyranı aralarında görmədim. Ceyran vaqonun bir küncünə qısılıb oturmuşdu, məni gözləyirdi, rəngi soluxmuş, kürəyindəki şiş bir az da böyüyüb qəddin əymişdi. Odur ki, uşaqların içinə çıxmır, məni elə vaqonun küncündəcə gözləyirdi. Özüm onun yanına getdim. Çantamdan ona plitka şokalad çıxarıb verdimsə də, qızın qaş-qabağı açılmadı, yol çantama diqqətlə baxırdı. Düzü, bunu sezdimsə də, bir şey anlamadım…

Yay tətilində evə gələndə uşaqlar yenə qarşıma yüyürdülər:
“Hə, nədi pulun qurtarıb, ya yeməyin, – deyə mənlə zarafat edilər. Belə deyəndə gülürdüm deyə tez -tez təkrar edirdilər. Çünki bilirdilər ki, hər dəfə anam məni hazır yeməklərlə və pulla yola salır.
– Ceyran hanı, – deyə soruşdum.
– Odey, orda, – əlləri ilə vaqonu göstərdilər.
Yenə onu vaqonun küncücdə boynubükük vəziyyətdə gördüm, Ceyranın mənə tərəf boylandığını görüb tez yanına getdim:
– Hə, Ceyran necəsən, deyib ona şokalad uzatdım.
Qız “istəmirəm”, – dedisə də, mən əl çəkmədim, axırda utana-utana:
– Bəs, sən mənə qırmızı paltarlı gəlincik alacaqdın, niyə almadın? Hər dəfə sən gələndə oturub yolunu gözlıyirəm, barmağımla gələcəyin günləri hesablayıram ki, bəlkə, almısan. Sənsə yenə də almamısan.
Aha, dodağımı dişlədim… Demək qız hər dəfə mən ona şokalad verəndə o üzdən qanadı qırılmış quş kimi könülsüz-könülsüz alırmış…
Mənimsə, düzü, tamam yadımdan çıxmışdı…
Dövlət imtahanını vermişdim. Bir həftəyə diplomumu alıb qayıdacağımı və mütləq ona qırmızı paltarlı gəlincik alacağımı dedim.
– Paltarı qırmızı olsun aaa, yoox, qıpqırmızı, – dedi.
Mən də bu dəfə mütləq alacağımı söylədim.
Gələn bazar günü həmişə gəldiyim vaxtda məni gözləyərsən, sənə gələncik alıb gətirəcəm. Bax, bu dəfə söz verirəm, qətiyyətlə dedim.
Ceyran:
– Burda gözləyəcəm, qırmızı paltarlı gəlinciyimi alarsan! Xala, o həmişəlik mənimki olacaq? Mən onu öz yanımda yatıra bilərəm? Mən çox istəyirəm mənim gəlinciyim olsun! Nə olar bu dəfə yadından çıxmasın da, xala, nə olar,deyə ağzından sözü kəlbətinlə aldığım qız dil qəfəsə qoymurdu.
– Söz verirəm, bu dəfə mütləq alacam, – dedim.
Bu sözləri eşidən qızın çöhrəsində yanağının batıq yerlərində sanki çiçəklər açdı gözlərinin qarşısına qırmızı paltarlı gəlinciyi gətirdikcə uşağın üz-gözündən sevinc tökülürdü.
Gələn bazar gününə qədər deyib ondan aralandım. Ceyran məni arxadan səsləyib, “yadından çıxmasın aa, deyə bir də tapşırdı.
Mən də:
– Mütləq, – deyə söz verdim…

Bir gün qalıb yenidən Bakıya qayıtdım. Bir həftəyə bütün sənədlərimizi qaydaya salıb, kitabxanaya olan kitab borcumuzu, ev kirayəsini verib, diplomumu da alıb gəlməyə hazırlaşdım, çox az pulum qalmışdı… Ayaqqabılarım da köhnəlmişdi. Mağazaya gedərkən yolda ayaqqabım qəfil cırıldı , məyus oldum, ayaqqabı almaq məcburiyyətində idim. Pulumun yox vaxtı bu mənə lazım idi? Mağazadan özümə bir ucuzvari ayaqqabı aldım , sonra gəlinciklər olan mağazaya gəldim Burada qıpqırmızı paltarlı gəlincik vitrindən üzümə gülürdü Onu görəndə çox sevindim, əsl mən istəyəndən, Ceyrana təsvir etdiyimdən idi Qiymətini soruşdum. Satıcı 25 manat, dedi.
Bir əlimdəki pula, bir də gəlinciyə baxdım, 12 manatım qalmışdı.Tamam qurtarıb gedirdim deyə kimdənsə borc da ala bilməzdim. Vitrinləri gəzib nisbətən ucuz, amma qırmızı paltarlı gəlinçik axtardım Olanlar balaca idi və heç birinin paltarı qırmızı deyildi… Nə edəcəyimi bilmədim, uşağın ümid, sevunc dolu gözlərini, bir də həsrətlə əllərimə baxarkən şokalad verdiyimdə məyus, ümidi öləzimiş çöhrəsinin xəyalı gəlib gözlərimin qarşısında durdu…
Çıxılmaz vəziyyətdə qalmışdım!..

Nəhayət, qərara aldım ki, aparıb ayaqqabıları qaytarım , onun puluna bu qırmızı paltarlı gəlinciyi alım.
Vaxta az qalmışdı, tələm-tələsik köhnə ayaqqabıları özüm iynə ilə tikib geyindim, təzə aldığım ayaqqabını güc-bəla, 2 saat çənə vurandan sonra qaytardım, 3 manatımı da kəsib vermədilər . Az qala qaça-qaça gəlib özümü gəlincik olan mağazaya çatdırdım, avtobusa çatmalı idim. Qırmızı paltarlı gəlinciyi alıb, ayağımda cırıq ayaqqabı, amma bir küp qızıl tapmış kimi sevinə -sevinə gəlinciyi götürüb vağzala gəldim…
Avtobusda tez-tez xəyalıma gəlinciyi necə təqdim edəcəyimi, alarkən Ceyranın necə sevinəcəyini, yanağındakı gözəl çökəkləri gətirirdim. Mənə elə gəlirdi ki, avtobus həmişəkindən daha ləng gedir. Evə çatmağa çox tələsirdim.Mən, həqiqətən, o uşağı çox istəyirdim!

Avtobusdan düşüb evə gələrkən uşaqlardan heç birinin məni qarşılamağa çıxmamaqlarına heyrətləndim. Bu,birinci dəfə idi ki, baş verirdi. Yaxınlaşdıqca adamların topa-topa vaqonlar olan tərəfə getdiyini görüb addımlarımı yeyinlətdim. Qarşımda gördüyüm səhnədən dəhşətə gəldim! Vaqonun ağzında babasının qucağında olan Ceyran can üstə idi!.. Bütün vücudumu buz sardı. Ayağımda tonluq daşlar varmış kimi ağır -ağır irəli getdim. Qız mənim əlimdəki qırmızı paltarlı gəlinciyi gördükdə heyrət və sevgi dolu baxışlarla baxdı, yanağındakı o gözəl çuxurlar yüngülcə əmələ gəldi, qupquru dodaqları titrədi, gözlərinə sanki işıq gəldi, bütün gücünü toplayıb əllərin gəlinciyə tərəf uzadanda canını tapşırdı!!!
Donub qalmışdım, tam bir daş heykəl!Heç nəfəsim də gəlib -getmirdi… Əlimdən qırmızı paltarlı gəlinciyin nə vaxt düşdüyündən xəbərim olmamışdı!!!

Həmin yay çox isti keçirdi, istidən ilanlar da yatdıqları yerdən çıxıb kölgəlik axtarırdılar.
Ceyran günün qızmarında istidən qızmış vaqonun bir küncünə qısılıb gəlinciyinin gəlməsin gözləyirmiş. Anası neçə dəfə çağııbsa da qız:
– Xala mənə gəlincik gətirəcək, gəlmirəm, onu gözləyirəm, deyibmiş…
Sən demə, Ceyran vaqonun küncündə oturarkən bilmədən oradakı bir ilanı tapdalamış, ilan da onu sancıbmış. Bunları eşidəndə peşmançılıqdan, vicdan əzabından yoğrulmuş bir heykələ döndüm!

Ananın tükürpədici səsi qulağımda cingildədikcə bütün var gücümü toplayıb oradan mümkün qədər tez, vahiməli şəkilldə uzaqlaşmağa çalışırdım ki, birdən sanki ayağımın birinin qırıldığın, axsadığımı hiss etdim. Dəhşətli qorxu içərisində ayağıma baxarkən, ayaqqabımın birinin tamamilə cırılıb ayağımdan çıxdığının və bir ayağımın bayaqdan bəri yalın qaldığının şahidi oldum. Nə qədər sürətlə oradan uzaqlaşmağa çalışdımsa da, ananın: Sən qırmızı paltarlı gəlincik gözləyirdin aç gözlərini, mənim balam, gəinciyin gəlib!Mənim qaragöz balam, evcik qurmalıykən mən səni qara torpaqlara necə qoyum?! Atanın qəbri də yoxdur ki, səni ona tapşırım, mən ona nə cavab verəcəm, səni qoruya bilmədim. Səni ilanlar çaldı, bəs məni? Məni də erməni ilanı çaldı. Axı, bizim burda nə işimiz vardı, ay Allah?! – deyən tükürpədici səsi hələ də qulaqlarımdadır!

Hərdən üzü Arana tərəf rayona gedirəm. Bızən yol kənarına atılıb qalmış vaqonlar olur. Sanki o vaqonun kənarında Ceyranın oturub məni gözlədiyini görürəm. Sonra Ceyranın anasının səsi yenə də qulağıma gəlir! Üstündən neçə illər keçməsinə baxmayaraq bu səsi yenə eşidirəm:
– Ay Allah! Bu nə baxt idi mənə yazdın? İlahi, bu nə vaxt idi mənim baxtıma düşdü?!

Daha qatarları sevmirəm. Qatarları insanları öz amancız cənginə alıb vaqonlara doldurub aparan Zaman, Vaxt adlı amansız əjdahalara bənzədirəm! Mən indi bu Vaxt, Zaman qatarının düşüb qalmış vaqonlarından qorxuram! Onlar çox acımasız olur! Kiminə 37, kiminə 41-45, kiminə də, sonu görünməyən 88 düşdü!
Bizim payımıza düşən kimi!!!
Doğrudan da, insanın baxtına düşməli olan ən vacib şey elə Vaxt imiş!..