- Mədəniyyət

İçərişəhərdə tanınmış fotoqraf Reza Deqatinin “Xocalı – yaralı ruhlar” adlı sərgisi açılıb

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) tərəfindən Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri təşkil edilib.

Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, Bakı Fotoqrafiya Evində keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Məftunə İsmayılova, tanınmış fotoqraf Reza Deqati, “İçərişəhər” Ağsaqqallar Şurasının sədri Əliheydər Dadaşov çıxış edərək, Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda mülki əhaliyə qarşı törədilən soyqırımın təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş bir cinayət olduğunu vurğulayıblar.

Natiqlər 44 günlük Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi, şanlı ordumuzun şücaəti və xalqımızın birliyi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə üçrəngli bayrağımızın Qarabağda dalğalandığını, bütün şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qanlarının yerdə qalmadığını, həmçinin bütün işğaldan azad edilmiş ərazilərimiz kimi Xocalının da yenidən dirçəldildiyi qeyd ediblər.

Tədbirin bədii hissəsində şəhidlərə həsr edilmiş elegiya dinlənilib, eşitmə və nitq məhdudiyyəti olan gənclər tərəfindən jest dilində “O qanlı gecə” şeiri səsləndirilib.

Daha sonra iştirakçılar “Xocalı-yaralı ruhlar” sərgisi ilə tanış olublar.

Sərgi fevral 28-dək Bakı Fotoqrafiya Evində ziyarətçilər üçün açıq olacaq. Giriş sərbəstdir.