Daş Salnamə Muzeyində “AFWEU”nun təşkilatçılığı ilə Beynəlxalq Bakı Mədəniyyət və Sənət Moda Həftəsinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, milli direktor – Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovadır.
Baş prodüser “AFWEU Fashion Week”in təsisiçisi, türkiyəli dizayner Aydın Açıkdır. “AFWEU” Asiya, Afrika, Amerika və Avropa qitələrini təmsil edir. Əsas missiya universal moda və mədəniyyət dilini yaymaq, yeni istedadları kəşf etmək və beynəlxalq aləmdə tanınmalarına kömək etməkdir. “AFWEU” bir çox ölkələrdə keçirilib və ilk dəfə Azərbaycanda keçirilir.
Açılışda “Cizgi by Gulnara Khalilova” defilesi təqdim olunub. Daha sonra “Banu Gaidar” (Qazaxıstan), “Cellesterra” (Rusiya), “Gözde İşbilir” (Türkiyə) kolleksiyalarının, eləcə də ADRA (Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunları) gənc dizaynerlərinin nümayişləri keçirilib.
Tədbirin aparıcısı Əməkdar mədəniyyət işçisi Leyla Quliyeva, stilist-vizajisti isə Səbinə İmanova oldub.
Qeyd edək ki, “Baku Culture and Creative Fashion Week” tarixin və mədəniyyətin moda ilə qarşılaşdığı bənzərsiz bir təcrübə təqdim edir. Bakının zəngin mədəni irsini və tarixini əks etdirən Daş Salnamə Muzeyi builki Moda Həftəsi üçün ideal məkan seçilib. Muzeydə nümayiş olunan tarixi daşlar və heykəllər keçmişdən bu günə qədər olan hekayələri ilə modaya ilham verir. Dizaynerlər estetik və simvolik dəyəri əks etdirən tarixi daş elementlərindən ilhamlanan müasir və yeni kolleksiyalar təqdim edir. Hər bir moda nümayişi mədəni elementlərin estetik və bədii dəyərlərini əks etdirən anlayışlarla hazırlanıb. Ənənəvi geyim və aksessuarlar müasir moda zövgü ilə birləşdirilib. Moda sənayesinin inkişafı sahəsində xüsusi çıxışlar təşkil olunub. Moda və sənətin birləşməsi həm yerli, həm də beynəlxalq səviyyədə sənətkarlar və dizaynerlər arasında əməkdaşlığı və yaradıcı dövrləri təşviq edərək, turizm və iqtisadiyyatın inkişafına töhfə verir.