- Mədəniyyət

Amasyada Azərbaycan xalq nağıllarının təqdimatı olub

Türkiyənin Amasya vilayətində 150-dən çox nəşriyyatın, 200-dən çox yazıçı və şairin iştirak etdiyi 8-ci Merzifon Kitab Sərgisində Türkiyə türkcəsinə çevrilmiş Azərbaycan xalq nağıllarının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində uşaq yazıçısı Solmaz Amanovanın türk dilinə tərcümə olunmuş “İlmənin macəraları” adlı kitabının və azərbaycanlı yazar Mətanət Hüseynovanın tərtib etdiyi “Azerbaycan masalları” kitablarının təqdimatı keçirilib.

8-ci Merzifon Kitab Sərgisində türkiyəli balaca kitabsevərlər kitabları maraqla qarşılayıb. “İlmənin macəraları” adlı kitabın müəllifi Solmaz Amanova uşaqlara öz nağıl qəhrəmanlarından İlmə və Turacdan danışaraq bununla əlaqədar hazırlanmış cizgi filmlərini də nümayiş etdirib.

Təqdimatda uşaqlar arasında Azərbaycanla bağlı viktorina keçirilib, qaliblərə hədiyyələr təqdim olunub, uşaqlar İlmənin mahnısını oxuyaraq rəqs ediblər.

Sərgi çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə tərtibçisi Mətanət Hüseynova və rəssamı Nüşabə Küçük olan “Azerbaycan masalları” adlı nağıl kitabı da oxuculara təqdim olunub. Azərbaycanın 12 seçmə xalq nağılının yer aldığı kitabda hər nağıla rəssamı Nüşabə Küçük tərəfindən rəsmlər də çəkilib.

Azərbaycan folklorunun fəlsəfi və əxlaqi dəyərləri özündə əks etdirən, hər zaman gündəmdə olan dərin mənaya sahib milli nağılları sərgidə böyük maraqla qarşılanıb.

Türkiyənin Amasya vilayətində davam edən 8-ci Merzifon Kitab Sərgisi çərçivəsində Ankaradakı səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə işıq üzü görmüş dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Sirlər xəzinəsi”, “İskəndərnamə” və XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsərlərinin Türkiyə türkcəsinə çevrilmiş və nəfis şəkildə nəşr edilmiş kitabların təqdimatı keçirilib.

Tədbirdə sərgi ziyarətçiləri, ədəbiyyatsevərlər, məktəblilər iştirak ediblər.