Misirin “Nil” dövlət televiziya kanalında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş veriliş yayımlanıb.
AZƏRTAC xəbər verir ki, telekanalın redaktoru Fatima Əbdül Qadirin aparıcısı olduğu verilişdə Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edildiyi diqqətə çatdırılıb. Aparıcı Şərqin dahi şair və mütəfəkkirinin həyatı, zəngin yaradıcılığı, dünyaya gəldiyi Gəncə şəhəri haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, Nizami Gəncəvi məşhur “Leyli və Məcnun” poemasını ərəb məhəbbət dastanından ilham alaraq yaradıb. Həmçinin Misirin İsgəndəriyyə Kitabxanasında dahi şairin büstü qoyulub.
Verilişdə diqqətə çatdırılıb ki, gündən-günə qüdrətlənən Azərbaycan ötən il öz torpaqlarının işğaldan azad olunması uğrunda Ermənistana qarşı müharibədə Zəfər qazanaraq ərazi bütövlüyünü bərpa edib.
Süjetdə Azərbaycanın paytaxtı Bakı, ölkəmizin füsunkar təbiət mənzərələri və tarixi abidələrimiz nümayiş etdirilib. Misirli tamaşaçılara məlumat verilib ki, İslam ölkəsi olan Azərbaycan elm, mədəniyyət, təhsil sahələrində böyük uğurlar qazanıb, həmçinin qüdrətli iqtisadiyyata malikdir.
Verilişin qonaqları olan Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşı Emil Rəhimov və EPS dillər mərkəzinin rəhbəri İsra Adil diqqətə çatdırıblar ki, diplomatik nümayəndəliyimizin təşkilatçılığı ilə Qahirədə Nizami Gəncəviyə həsr olunmuş konfrans, habelə EPS dillər mərkəzi ilə birlikdə geniş tədbir keçirilib. Şərq ədəbiyyatı və fəlsəfi fikrinin ən görkəmli nümayəndələrindən olmuş Nizami Gəncəvinin yubileyi münasibətilə tədbirlər dil kurslarına gələn gənclərə Azərbaycan mədəniyyəti və ədəbiyyatı haqqında dərin biliklər verməyə kömək edir. Artıq Azərbaycan dilini öyrənən tələbələr dahi şairin əsərlərini ana dilimizdə oxuya bilirlər. Sonuncu tədbirdə misirli gənclər Nizaminin “Leyli və Məcnun” poeması əsasında hazırlanan kiçik tamaşa da təqdim ediblər.