- Ədəbiyyat

Gülyaz ƏLİYEVA. Soruş

Biz nə çəkdik,
Oymaq-oymaq,
Oba-oba
Köçdüyümüz
Eldən soruş.

Vətən üçün
Biz nə qədər
Şəhid verib,
qan axıtdıq,
Qanla dolan
Göldən soruş.

Boz çöllərdə,
Çadırlarda,
Gün altında
Nə yaşadıq,
Sancan əfi
İlandan soruş

Şər qarışanda,
El yığışanda,
Uşaq atam hanı
deyə soruşanda
Şəhid anasının
Nə çəkdiyini
Gözü qan-yaş ilə
Dolandan soruş.

Həsrət nəymiş,
Zillət nəymiş,
Qürbət nəymiş,
Xısın-xısın
ağlayandan,
Gözü yolda
qalandan soruş.

Çörək nəymiş,
Ac qalandan,
Ürək nəymiş
Qırılandan,
Xiffət nəymiş,
Hər gün bir az
rəngi-rufu
Saralandan soruş.

Ürək nə çəkdi,
Gözdən soruş.
Baş nə çəkdi,
Dildən soruş.
Qələbəyə
İnam nəymiş,
Ümid nəymiş,
30 ildə bir an belə
Tərk etməyən
Bizdən soruş.