- Ədəbiyyat

Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz

Nizami GƏNCƏVİ 

Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,
Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz!

Sənin ol cəlb eyləyən vəslinə and içdim inan,
Hicrinə yandı canım, yox daha taqət sənsiz!

Başqa bir yarı necə axtarım, ey nazlı sənəm?
Bilirəm sən də dedin:”Yox yarə hacət sənsiz!”

Sən mənim qəlbimə hakim, sənə qul oldu könül,
Sən əzizsən, mən ucuz, mən heçəm, afət, sənsiz!

Nə gözüm var arayım mən səni, bəxtim də ki yox,
Nə də bir qaçmağa var məndə cəsarət sənsiz!

Sən Nizamidən əgər arxayın olsan da, gülüm,
Gecə-gündüz arayıb olmadı rahət sənsiz!