- Köşə, Manşet

Əziz FADMM…

Əziz FADMM,

Bu gün sənin 3 yaşın tamam olur. Yarandığın gündən bəri müqəddəs bir işlə – Ana Dilimizin saflığı uğrunda çətin, amma nəcib və şərəfli bir işlə məşğulsan və zamanla sənin sıralarına daha neçə dilimizin saflığı uğrunda çarpışan mübariz üzvlər qoşulmuşdur.

Mübarizə – hər zaman ağır və çətinliklərlə dolu olur. Nəticəyə varmaq insandan güclü iradə, böyük səbir və inam tələb edir. Hörmətli FADMM üzvləri heç yorulmadan bu işi əzmlə başlayıb o sürətlə də üç ildir ki, davam etdirirlər. Diqqət çəkilməli məqamlardan biri də mübarizə apardığın amal uğrunda yorulmamaq, əksinə daha da inadla irəli gedib dilimizə hər hansı formada xələl gətirənlərə qarşı amansız mövqedə olmaqdır. Siz bunu bacarırsınız. Bəli, siz hamınız mənim doğma dilimi məhv etmək istəyənlərə, dilimə yersiz yad söz və ifadə gətirənlərə qarşı olduqca amansızsınız, qəddarsınız, mərhəmətsizsiniz! Və bu, alqışa layiq hərəkətdir! Dilimi sevməyənlər, onu məhv etməklə mədəniyyətini və ədəbiyyatını silmək istəyənlər, dilə məhvedici yeniliklər gətirənlər, onu şikəst hala salanlar sizin sərt mövqeyinizlə qarşılaşırlarsa, deməli belə kobud münasibətə layiqdirlər. Onlara qarşı amansız olmaq lazımdır. Öz içimizdə özümüzünkü olsa belə onlarla mübarizə aparmaq labüddür.

Dildə aparılan kor-koranə dəyişikliklər və nəticəsinin nə olacağı düşünülməyən bərbad, naşı islahatların aparılması mədəniyyət və ədəbiyyat dəyərlərinə böyük ziyan vurur. Bunu dərk etmək elə də çətin deyil.

Mən öz dilimi sevirəm, çünki dil açanda anamla-atamla bu dildə danışmışam. Bu dildə sevgi etirafı eşitmiş və etmişəm. Bu dildə oxuyuram və yazıram. Mən sizi də çox sevirəm, çünki siz mənim dilimin “şikəst” edilməsinin qarşısını almaq üçün nəcib işlə məşğulsunuz!

Hörmətli FADMM-çilər,

Siz can sağlığı arzulayıram. Güc birlikdədir! Biz birlikdə güclüyük! Sizinlə birlikdə olmaq çox xoşdur və mənim üçün bu cür şərəfli bir işə mən də arada töhfə verə bilirəmsə, deməli, sevincim ikiqatdır, üçqatdır.

Bir daha 3 yaşın mübarək olsun nəhəng işlər görən körpə FADMM!

Aygün ƏZİZ