Layiqdi ki, bundan sora saqqal ağarıbdır.
Ay hacı, qadan alım, bir gün sən bu sözləri oxuyurdun, mən də sənin akoşkavun qabağından keçəndə eşidirdim, sabahki günü xəbər çıxdı ki, sən Nurməmmədin doqquz yaşında Səkinə adlı qızına elçi göndərib istəyibsən. Sonra mən eşitdim ki, Səkinənin anası qızına deyib ” Səni hacıya ərə verirəm “, sonra da eşitdim ki, Səkinə deyib ” Ay ana, necə ərə verəcəksən? “. Sonra da eşitdim ki, anası deyib: “Bala, gedəndən sonra bilərsən “. Sonra da eşitdim ki, Səkinə başlayıb ağlamağa və anasına deyib ki, ” Sən Allah, ay ana, bir məni başa sal görüm ər nəyə deyirlər? ” və sonra da eşitdim ki, anası hələ bir xubunca döyüb.
Ay hacı, qadan alım, bir gün mən genə sənin akoşkavun qabağından keçirdim, sən genə oxuyurdun:
Məhvəşlərə xoşdur nə ki oğlan danışsa,
Ay hacı, balalarına mənim canım qurban, sabahki günü xəbər çıxdı ki, sən doqquz yaşında Səkinə qıza sifariş göndəribsən ki, “bala, niyə mənə gəlmirsən, mən belə sənə qırmızı çarqat alaram, mən sənə bazar halvası alaram, mıncıq alaram, kişmiş-noxud alaram “. Sonra da eşitdim ki, Səkinə anasına deyib: “Ay ana, niyə dadaşım mənə kişmiş-noxud almır, hacı alır?”. Sonra da eşitdim ki, anası cavab verib: “Qızım, hacı səni istəyir, onun üçün alır”. Sonra da eşitdim ki, Səkinə deyib: ” Ay ana, hacı pəs niyə kişmiş-noxudu alıb göndərmir?”. Sonra da eşitdim ki, anası cavab verib: “Bala, sən gərək əvvəl hacıya ərə gedəsən, sonra kişmiş-noxudu doldurasan ciblərinə”. Sonra da eşitdim ki, Səkinə deyib: “Ay ana, sən allah məni başa sal görüm ər nəyə deyirlər?” və sonra da eşitdim ki, anası Səkinəni genə bir xubunca döyüb.
Ay hacı, qadan alım, bir gün mən yenə sənin akoşkavun qabağından keçirdim və sən genə oxuyurdun.
Yalın ki ağardı, sənə mütaqi-zən olmaz,
Rəftarına ya söhbətinə heç dözən olmaz,
Başdan-ayağa yaşilu alə bəzən, olmaz,
Bostanda çürür, rəğbət edib bir üzən olmaz,
Hər meyvə ki tağı ölüdür, kal ağarıbdır.
Ay hacı, balalarına qurban olum, sabahki günü xəbər çıxdı ki, cənab axundun evinə bir kəllə qənd və yarım girvənkə çay göndəribsən ki, bu işi tezliklə düzəltsin və sonra eşitdim ki, cənab axund qızın atasını çağırıb və sonra da eşitdim ki, qızın anası deyib: “Vallah, axund ağa, Səkinənin ağlamaqdan gözləri kor olub” . Sonra eşitdim ki,cənab axund…
Əstəğfurullah rəbbi və ətubi ileyh.
Qadan alım, hacı, sonra da eşitdim ki, Səkinənin atası Nurməmmədı çağırıb ona yüz otuz manat veribsən və deyibsən ki, iki min manat da Səkinəyə kəbin kəsdirəcəksən və sonra eşitdim ki, Nurməmməd gedib Səkinənin bir xubunca döyüb və sonra eşitdim ki, Səkinə ağlaya-ağlaya deyib: “Dadaş, sən allah məni bir başa sal görüm ər nəyə deyirlər?”.
Ay hacı, qadan alım, bir gün genə mən sənin akoşkavun qabağından keçirdim, gördüm ki, bir qız uşağının səsi sənin evindən gəlir və eşitdim ki, qız uşağı ağlaya-ağlaya sənə deyir: “Ay əmi, səni həzrət Abbas, məni ötür gedim evimizə, indi dayıqızım gəlib bizə məni gözləyir ki, mən gedim qəçəmədaş, beşdaş oynayaq. Sən allah məni ötür gedim və eşitdim ki, sən Səkinəyə deyirsən: “Ay qız, gör sənə necə kanfetlər almışam” və eşitdim ki, Səkinə deyir: “Elə bu kanfetləri də aparım yarısını verim dayıqızıma” və eşitdim ki, sən genə qıza yalvarırsan… və sonra eşitdim ki, oxuyursan:
Keçdi o ki, zövq eylər idin gah səfərdə,
Qadan alım, ay hacı, sonra çox sözlər eşitdim… Eşitdim ki, daşlar ağlayır, quşlar yas qurub, çöllər qara geyib, dünyavu aləm matəm tutub… Sonra genə çox sözlər eşitdim…
Dəli