- Ədəbiyyat

İsmayıl Şıxlı. Məni itirməyin

Dağların zirvəsində dolaşan qara buludlar qəfildən sıxlaşdı, dərələrin, meşələrin üstü ilə üzüaşağı səhralara doğru yeridi. Şiddətli külək xəzəli, toz-torpağı göyə sovurub uğultu ilə çöllərə yaydı. Göy şaqqıldadı, şimşək çaxdı. Dəliqanlı dağ çayları köpüklənib yatağından çıxdı. İnsan məskənlərində haray qopdu. Hamı bildi ki, fəlakət var, göylərdən bəla gəlir. Analar körpələrini dallarına şəllədilər. Uşaqlar ələlə yapışdılar, təpələrə, dikdirlərə üz tutdular. Əllər göylərə uzanıb imdad dilədi:
– Allah, sən saxla! Sel daxmaları, evləri ağuşuna götürdü.
Bir anda hər yeri su basdı. Göy yenidən şaqqıldadı. Elə bil səma ortadan buz kimi çatlayıb qırıldı və əyri-üyrü yarıqların arasından od püskürdü. Bu odlu zolağın bir hissəsi yerə sancılıb xeyli titrədi. Meşələrdən yeriyib gələn alov suya hücum çəkdi. Su qəzəblənib poqquldadı, alovun üstünə atıldı, əlbəyaxa oldular. Elə bu vaxt göy gurultusundan da dəhşətli bir səs eşidildi:
– Dayanın!!! Bu səs şaqqıldadı, əks-səda verə-verə üfüqə doğru gedən selin dalınca yayıldı, alovda qovrulan meşənin üstündən keçdi. Hər şey diksinib dayandı.
– Sən kimsən? – Mən Vicdanam!
Ləpələr bir-birinə dəyib şappıldadı: “Vicdan, Vicdan”. Od tutub alışan meşələrdəki ağaclar çatırdadı: “Vicdan, Vicdan”. Əlləri göylərə qalxan insanların dodaqları tərpəndi: “Vicdan, Vicdan”. Bu səslər əks-səda verdi, qol-qanad açdı və Kainatın hər yerindən eşidildi: “Vicdan, Vicdan”. Vicdanın göy şaqqıltısından da güclü səsi yenidən eşidildi:
– Geri çəkilin!
Od çatırdayıb, şaqqıldayıb qəhqəhə çəkdi:
– Yoxsa bizə düz yol göstərmək istəyirsən, ey Vicdan?
– Bəli! Sən dünyaya yandırıb-yaxmağa gəlməyibsən! Sən də, ey su, uçurub-dağıtmaq üçün yaranmayıbsan! Bilin və yadınızda saxlayın: dünyaya gələn yaratmalı, yaradanlara kömək etməlidir.
Su Vicdana qulaq asdı. Sakitcə çalxalandı. Dinməz-söyləməz dəstələnib öz yatağına yığışdı. Suyun altında qalmış insan məskənləri üzə çıxdı, ürküdülmüş heyvanlar geri qayıtdı. Təpənin zirvəsinə pənah gətirənlər sevincdən ağlaya-ağlaya aşağı endilər. Ancaq yolun ortasında dayandılar. Hər yan lillənmişdi.
– Niyə dayanmısan? – deyə Vicdan çaşıb-qalmış odu səslədi.
– Tez ol, bataqlığı qurut, daxmalarda ocaq qala, soyuqdan titrəşənləri isit!
Od hərəkətə gəldi. Azacıq sonra daxmaların bacalarından tüstü qalxdı, həyətdəki ocaqlar çatırdadı. İnsanlar məskənlərinə qayıtdılar.
O gündən Od, Su və Vicdan yoldaş oldular. Sonsuz səhralara su verdilər, şaxtalı, boranlı diyarlara istilik gətirdilər. Harada insan gördülər, dayandılar, onların məskən saldıqları yerləri suladılar, evlərində ocaq qaladılar, ürəklərə sevinc gətirdilər. İndi isə ayrılmaq vaxtı idi.
Vicdan əlini dostlarının çiyninə qoyub soruşdu:
– İşdir, birdən bir-birimizi itirsək, necə tapışacağıq?
Su gülə-gülə dilləndi:
– Harada çəmənlik, yaşıllıq görsəniz, məni orada axtarın.
Od dedi:
– Harada ocaq, bacalardan burulub çıxan tüstü görsəniz, bilin ki, oradayam.
-Bəs səni itirsək, necə tapaq, ay Vicdan?
Vicdan köksünü ötürüb üfüqlərə baxdı və titrək səslə dilləndi:
– Amanın bir günüdür, məni itirməyin, itirsəniz, tapa bilməzsiniz.

portal.azertag.az