Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Mədəniyyət Nazirliyinin yeni layihəsi – “Anamın kitabı” tamaşası növbəti dəfə teatrsevərlərin ixtiyarına veriləcək.
AZƏRTAC xəbər verir ki, tamaşa Azərbaycan dramaturgiyasının klassik nümunələrindən olan Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri əsasında hazırlanıb. Yeni və müasir rejissor yozumunda ərsəyə gələn tamaşada ölkəmizin müxtəlif teatrlarının aktyorları eyni səhnəni bölüşəcəklər. İngilis dilində hazırlanmış tamaşada əsas məqsəd ana dilimizin təbliğatı istiqamətinə yönəlib.
Noyabrın 27-də göstəriləcək səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu rəssamı Vüsal Rəhimovdur. Döyüş səhnələrinin və rəqslərin quruluşu Xalq artisti Pərviz Məmmədrzayevə və rejissor Zaur Əliyevə aiddir.