- Dil

Fizzə HEYDƏROVA. Silbo Homero

Kiçik Homero adasının mərkəzində sıldırım dərələrin uzandığı bir kilometr yarım hündürlükdə bir dağ var. Burada A nöqtəsindən B nöqtəsinə çatmaq kifayət qədər çətin və təhlükəlidir (əsrlər boyu heç nə dəyişməyib). Adanın üstündən bir neçə kiçik şəhəri birləşdirən yalnız bir dağ yolu var. Rabitə marşrutlarında belə bir problem təəccüblü deyil, çünki uzun müddət adanın sakinləri yaşayış məntəqələri arasında heç bir texniki əlaqə vasitəsinə malik deyildilər!

Homero adasının və digər Kanar adalarının sakinləri çoxdan öz “simsiz” rabitələrini – fit dilini icad ediblər. Bir versiyaya görə, silbo dili Şimali Afrikadan ilk mühacirlərin – qaçqın qulların gəlişi ilə yaranıb…

Burada deyirlər ki, hətta heyvanlar da silbonu başa düşür.

Son vaxtlara qədər hesab edirdilər ki, silbo fit dili dünyada yeganədir, lakin məlum oldu ki, Yunanıstan, Türkiyə, Meksika, Hindistan, Fransa Pireneyi, Zimbabve və Zambiyada oxşar üsullardan istifadə olunur. Lakin silbo dili yüzlərlə insan tərəfindən yaxşı öyrənilmiş və istifadə edilən yeganə dildir.

15-ci əsrin əvvəllərində ispanlar Kanar adalarını fəth edəndə quançların (Homero adasının yerli sakinləri özlərini belə adlandırırdılar) fit çalaraq bir-birləri ilə necə ünsiyyət qurduqlarını eşidəndə çox təəccübləniblər. Sonralar İspaniyadan olan müstəmləkəçilər yerli əhali ilə qarışaraq bu dili mənimsəyib və ispan dilinə tətbiq ediblər. Bu qeyri-adi dil silbo kimi tanınıb və o dildə danışan şəxslərə silbodor deməyə başlayıblar.

Bir çox səyyahlar və tədqiqatçılar silbo dilinin prinsipini anlamağa çalışıblar: bəziləri bunu musiqi nöqteyi-nəzərindən izaha çalışıb. Onlar yüksək səsli fitlərin müəyyən sait səslərə uyğun gəldiyinə və ifadənin fonetik skeletini təmin etdiyinə inanırdılar. Kimsə hətta musiqi notlarından istifadə edərək bu dildə bir neçə ifadənin melodiyasını yazıb, lakin sonradan onu dinləyən siloadorlar heç nə başa düşməyiblər! Ümidsiz qalan bir çoxları bunun telepatiya məsələsi olduğuna qərar verib.

Ancaq yox, bu, fitçalma texnikasıdır. Bu sadə səs yüksəkliyə, gücə və uzanma müddətinə görə dəyişə bilər. Silbodorlar, adətən, təbii rezonatordan – ağız boşluğundan istifadə edir, ucalığı dəyişdirərək (bir kilometr məsafədə yerləşən həmsöhbət tərəfindən eşidilməsi üçün) mümkün qədər yüksək səslə fit çalırlar.

Silbodorlar iddia edirlər ki, fit səslərinin beş “sait”i və dörd “samit”inin köməyi ilə 4 mindən çox sözü “tələffüz edə” bilirlər.

Təəssüf ki, bu dil  50-ci illərin sonlarında populyarlığını itirməyə başladı, iqtisadi böhranla bağlı bir çox silbodorlar Venesuela və Tenerifeyə mühacirət etdilər. Mobil telefon şəbəkələrinin inkişafı ilə silbo dili praktik dəyərini tamamilə itirdi.

Lakin 90-cı illərin sonlarında bu dilə maraq canlanmağa başladı. 2009-cu ildən silbo dili UNESCO-nun himayəsi altındadır və yerli hökumət hətta bu dilin məktəblərdə məcburi öyrənilməsini təşkil edib. Şagirdlər 11-12 yaşdan etibarən bütün ifadələri fitlə ifadə etməyə başlayırlar.

Hazırda Homero adasının bəzi sakinləri üçün silbo dili təkcə milli mədəniyyətin vacib elementi deyil, həm də gəlir mənbəyidir…

İnternet materialları əsasında hazırlanıb