- Mədəniyyət

ADA Universitetində “Cadenza” orkestrinin konserti təşkil olunub

Noyabrın 28-də ADA Universitetində “Cadenza” (“Cadenza Contemporary Orchestra”) orkestrinin konserti təşkil edilib.

AZƏRTAC xəbər verir ki, ADA Universitetinin tələbələrinə tədris olunan “Azərbaycanşünaslıq” kursu çərçivəsində təşkil edilən konsertdə universitetin tələbə-müəllim və işçi heyəti, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Konsert proqramı unudulmaz bəstəkar Asəf Zeynallının “Muğamsayağı” və böyük şair və dramaturq Hüseyn Cavidin oğlu, bəstəkar Ərtoğrul Cavidin “Çal, oyna”, “Zəngəzur dağlarında” və digər əsərlərinin səsləndirilməsi ilə başlayıb.

Musiqisevərlər daha sonra dünyaşöhrətli bəstəkarlarımız Üzeyir Hacıbəylinin, Qara Qarayevin və Fikrət Əmirovun seçilən əsərlərini dinləyiblər.

Həmçinin konsert proqramı ərzində Xəyyam Mirzəzadənin, İsmayıl Hacıbəyovun əsərləri səsləndirilib.

Konsert proqramının əsas təşkilatçısı Afət Muradova bildirib ki, konsertin təşkilində əsas məqsəd milli-mənəvi dəyərlərimizi qorumaq, incəsənətimizi və musiqimizi gənclər arasında təbliğ etmək, həmçinin intensiv dərs və iş qrafikinə malik olan ADA Universiteti icmasını musiqi sədaları altında bir araya gətirməkdir.

Konsertin iştirakçısı, ABŞ-ı təmsil edən xarici tələbə Mət Qarnet bildirib ki, burada səslənən əsərlər Azərbaycanın zəngin çalarlara malik musiqi irsindən xəbər verir.

Qeyd edək ki, Türkər Qasımzadənin bədii rəhbərliyi ilə təşkil edilən konsert proqramının solistləri Fatimə Nəsirli (skripka), Afaq Qarayeva (piano), konsertmeysteri isə Samir Əsədovdur.