- Mədəniyyət

“Bolşoy Teatr” öz yubileyini adi iş rejimində qeyd edəcək

Ötən gün 245 yaşı tamam olan Rusiyanın “Bolşoy Teatr”ı öz yubileyini adi iş rejimində qeyd edəcək.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə teatrın direktoru Vladimir Urin məlumat verib.

Vladimir Urin bildirib ki, 245 gözəl rəqəm olsa da, müəyyən mənada rəsmi yubiley sayılmaya da bilər: “Hər halda bu rəqəm əhəmiyyətli bir yaşı bildirir. Biz teatrda belə qərara gəldik ki, pandemiya dövründə, mövsümün bütün çətinliklərini nəzərə alaraq heç bir bayram şənliyi təşkil etməyəcəyik, yubileyi sadəcə adi iş rejimində qeyd edəcəyik”.

Onun sözlərinə görə “Bolşoy” premyeralarının siyahısına, xüsusən də Stefano Podanın quruluş verdiyi Cakomo Puççinin “Tosca” operası daxildir. Daha sonra kamera səhnəsində “Anna Frankın gündəliyi” və “Ağ gül” operalarının premyeraları təqdim olunacaq. Tarixi səhnədə isə iyunun 23-də rejissor Yevgeni Pisarevin rəhbərliyi altında Pyotr Çaykovskinin “Mazepa” operasının premyerası olacaq. Mövsüm iki premyera – İlya Demutskinin musiqisinə bəstələnən “Qağayı” baleti və rejissor Qeorq Fridrix Handelin “Ariodant” operası ilə başa çatacaq.