- Manşet, Mədəniyyət

Novruz bayramı Tbilisidə təntənə ilə qeyd olunub

Novruz bayramının gəlişini bildirən İlaxır çərşənbə Gürcüstanın paytaxtı Tbilisidə təntənə ilə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, bayram münasibətilə Tbilisidəki M.F. Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin həyətində geniş bayram tədbiri keçirilib.

Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) və Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) əməkdaşları, Tbilisi Şəhər Şurasının sədri Giorgi Tkemaladze, Tbilisi merinin müavini Kaxa Gulediani, Türkiyə, Qazaxıstan və digər ölkələrin səfirliklərinin nümayəndələri, azərbaycanlı icmanın üzvləri, ziyalılar və gənclər iştirak ediblər.

Azərbaycan xalçaları, səməni, boyanmış yumurta, şəkərbura, paxlava və digər şirniyyatlarla bəzədilmiş meydanda Kosa və Keçəl Novruz tonqalının yandırıb, məzəli hərəkətləri ilə təbirə şirinlik qatıblar.