- Mədəniyyət

“Qarabağnamə” tamaşası oynanılacaq

Aprelin 19-da Heydər Əliyev Mərkəzində yazıçı-dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası nümayiş olunacaq.

Quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovun olduğu tamaşada, ümumilikdə 21 aktyor iştirak edir. Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə həyatından bəhs olunur. “Qarabağnamə”nin İbrahim xanı Xalq artisti Kazım Abdullayev, Ağabəyim ağası isə Əməkdar artist Məsmə Aslanqızıdır. Həmin gün Heydər Əliyev Mərkəzinin səhnəsinə Xalq artistləri Əli Nur, Firəngiz Mütəllimova, Hacı İsmayılov, Rafiq Əzimov, Ramiz Məlik, Əməkdar artistlər Elnar Qarayev, Elxan Quliyev, Elşən Cəbrayılov, Əminə Babayeva, Kazım Həsənquliyev və digərləri də çıxacaqlar.
Tamaşa Heydər Əliyev Mərkəzinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təqdimatında göstəriləcək.

report.az