- Mədəniyyət

Vyanada Tofiq Quliyev və Emin Sabitoğlunun xatirə konserti keçirilib

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli bəstəkarlarımız, Xalq artistləri, Dövlət Mükafatı laureatları Tofiq Quliyevin 105 və Emin Sabitoğlunun 85 illik yubileylərinə həsr olunmuş konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova başa çatmaqda olan ilin yubiley və əlamətdar hadisələrin ildönümü ilə yadda qaldığını bildirib. Qeyd edilib ki, Tofiq Quliyev və Emin Sabitoğlunun yubileylərinin birgə keçirilməsinin səbəbi onların bir çox cəhətdən oxşar xüsusiyyətlərə malik olmaları ilə əlaqədardır. L.Qasımova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə bu tədbirin təşkilində göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Sonra 40-dan çox bədii film üçün musiqi bəstələmiş Emin Sabitoğlunun ən tanınan melodiyalarından ibarət videoçarx nümayiş etdirilib.

Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Mədəniyyət Universitetinin Estrada sənəti kafedrasının tələbələri Türkay Məlikova və Xasay Şıxıyev ölməz bəstəkarların mahnılarından ibarət konsert proqramı ilə çıxış ediblər. Onları fortepianoda həmin kafedranın konsertmeysteri Rəcəb Zeynalov müşayiət edib. Konsertdə bəstəkarların dillər əzbəri olan mahnıları və bədii filmlər üçün bəstələnən əsərləri ifa edilib.