- Dil

Sadə və mürəkkəb birləşmələr

Qəzənfər KAZIMOV, professor

Söz birləşmələrinin quruluşuna müxtəlif cəhətdən diqqət yetirilir. Bə`zən tərəflər arasında sintaktik əlaqələrin müxtəlifliyi, bir və ya bir neçə sintaktik əlaqədən istifadə edilməsi birləşmənin quruluşunu – sadə və ya mürəkkəb olduğunu şərtləndirən prinsip hesab olunmuşdur. Lakin əksərən birləşmənin tərkibində iştirak edən tammə`nalı sözlərin sayı əsas götürülür..61

Birinci prinsipə əsasən, tabelilik əlaqələrindən biri ilə qurulan birləşmələr sadə, müxtəlif sintaktik əlaqələrlə qurulan birləşmələr mürəkkəb hesab olunur. Məsələn, bu prinsipə əsasən, şəhərdəki bağ birləşməsi sadə olduğu kimi, şəhərdəki həmin bağ, şəhərdəki həmin iki bağ, şəhərdəki həmin iki gözəl bağ birləşmələri də sadədir, çünki asılı tərəflərin hamısı əsas tərəflə yanaşma əlaqəsindədir. Şeyləri evə gətirmək birləşməsi də eyni tipli sadə birləşmə sayılır – asılı tərəflər əsas tərəfə idarə əlaqəsi ilə bağlanmışdır. İndi şəhərə gedən, vaxtında kitabları Əhmədə verəndə birləşmələri isə mürəkkəb hesab olunur, çünki bu birləşmələrin qurulmasında yanaşma və idarə əlaqələrindən istifadə edilmişdir.

Birləşmələrin quruluşuna bu cür yanaşmaq prinsipi özünü doğrultmur. Sadə və mürəkkəb birləşmələri bu yolla fərqləndirməyə çalışsaq, qarşılıqlı tabelilik əlaqələrində olan kənd həkimi, həkimin xalatı tipli birləşmələri mürəkkəb birləşmə saymalıyıq. Göldəki həmin beş yaşılbaş ördək tipli bir əsas (ördək), dörd asılı tərəfdən ibarət olan birləşmələri isə sadə birləşmə hesab etməliyik.

Söz birləşmələrinin quruluşunu tammə`nalı sözlərin sayına görə müəyyənləşdirmək daha effektlidir. Bu prinsipə əsasən, iki müstəqil sözdən ibarət olan birləşmələr s a d ə, üç və daha artıq müstəqil sözdən ibarət olan birləşmələr m ü r ə k k ə b hesab olunur. Məsələn, ay işığı, kənd mənzərəsi, oxumaq arzusu, göyləri seyr etmək, səhəri gözləmək və s. birləşmələr sadə, süd kimi ay işığı, gözəl kənd mənzərəsi, göyləri diqqətlə seyr etmək, səhəri intizarla gözləmək, sür`ətlə göylərə yüksələn və s. kimi birləşmələr mürəkkəbdir.

Birləşmələrin komponentləri arasında işlənən köməkçi sözlər onların quruluşuna tə`sir etmir. Evə getmək, kəndə yola düşmək birləşmələri sadə olduğu kimi, evə tərəf getmək, kəndə tərəf yola düşmək birləşmələri də sadədir. Bu birləşmələrdə evə tərəf, kəndə tərəf sözləri birləşmələrin asılı tərəfi, getmək, yola düşmək əsas tərəfləridir.

Sadə birləşmələr söz birləşməsinin ilkin, ibtidai forması olsa da, söz birləşməsi üçün lazım olan bütün tələblərə cavab verir.62 Sadə birləşmələr genişlənərək mürəkkəb birləşmələrin yaranmasına səbəb olur. Buna görə də sadə birləşmələr həm mürəkkəb sözlər, həm də mürəkkəb söz birləşmələri üçün baza rolunu oynayır.

Sadə birləşməyə əlavə edilən hər bir müstəqil mə`nalı yeni söz ona mə`na zənginliyi gətirir və onun sadə birləşmələrdən həm formaca, həm də məzmunca fərqlənməsinə səbəb olur. Məsələn, yeni kitab – iki yeni kitab – həmin iki yeni kitab – evdəki həmin iki yeni kitab birləşmələrinin hər birinə əlavə olunmuş söz onu əvvəlki birləşmədən hər iki cəhətdən fərqləndirir. Rübabə Sadıq kişinin alçaq, daş hasarlı həyətinə girəndə ürəyi döyündü – cümləsində Rübabə Sadıq kişinin alçaq, daş hasarlı həyətinə girəndə mürəkkəb birləşmədir. Bu mürəkkəb birləşməni aşağıdakı sadə birləşmələrə ayırmaq olar: Rübabə girəndə, həyətinə girəndə, hasarlı həyətinə, daş hasarlı, alçaq həyətinə, Sadıq kişinin həyətinə.

Cümlədə işlənən mürəkkəb birləşmələri tərkib hissələrinə ayırmaq da mümkündür. Məsələn, Mən üzərimə endirilən süngü zərbəsini dəf edərək qarşımdakına hücum edirəm və birdən iki faşistlə vuruşan gənc siyasi rəhbəri görürəm (İ.Əfəndiyev) – cümləsində üzərimə endirilən süngü zərbəsini dəf edərək, iki faşistlə vuruşan gənc siyasi rəhbəri birləşmələri vardır. Hər iki birləşmə mürəkkəbdir. Birinci birləşmənin daxilində aşağıdakı birləşmələr vardır: süngü zərbəsini, süngü zərbəsini dəf’ edərək, endirilən süngü zərbəsini, üzərimə endirilən; ikinci birləşməni aşağıdakı birləşmələrə ayırmaq olar: siyasi rəhbəri, gənc rəhbəri, vuruşan rəhbəri, faşistlə vuruşan, iki faşistlə.

Mürəkkəb birləşmələrin özləri də rəngarəng quruluş xüsusiyyətləri ilə bir-birindən fərqlənir. Onların daha çox müşahidə olunan aşağılakı növləri vardır.

1. İsmi birləşmələr əksərən qarşılıqlı tabelilik əlaqələri əsasında mürəkkəbləşir. Məsələn, yanaşma-uzlaşma əlaqəli birləşmələr adi (sadə) halda iki sözdən ibarət olur: divar saatı, saat kəfgiri, qol saatı, boyun zənciri və s. Lakin bə`zən belə birləşmələrin tərəflərindən biri bir sözdən, digəri həmin əlaqələrə əsaslanan birləşmədən ibarət olur: qadın geyimi məsələsi, məktəb tikintisi söhbəti və s. İki komponentdən ibarət olan bu birləşmələrin birinci komponenti söz birləşməsi (qadın geyimi, məktəb tikintisi), ikinci komponenti bir sözlə (məsələsi, söhbəti) ifadə olunmuşdur. Birləşmələrin sxemini belə qurmaq olar:

qadın geyimi məsələsi

Bir sözdən ibarət olan komponent söz birləşməsindən ibarət olan komponentlə uzlaşma və idarə əlaqələri ilə də bağlana bilir və bu forma daha işləkdir:

qala qapısının açarı

Uzlaşma-idarə əlaqəli birləşmələr tərəflərdən birinə aid yanaşma əlaqəli sözlər vasitəsilə də mürəkkəbləşə bilər; məs.: qızıl saatın zənciri – qızıl saatın gümüş zənciri, evin dəmir qapısı – daş evin dəmir qapısı:

daş evin dəmir qapısı

Bu cür birləşmələr daha da mürəkkəbləşə bilir. Bu zaman hər iki tərəf yanaşma-uzlaşma əlaqəli birləşmələrlə ifadə olunur. Məsələn: institut tələbəsinin dərs kitabı, sinif rəhbərinin iş otağı.

Belə mürəkkəb birləşmələrin tərəflərindən birinə yanaşma əlaqəli söz də əlavə etmək mümkündür: məktəb direktorunun səliqəli iş otağı, şəlaləli dağ çaylarının balıq vətəgələri.

şəlaləli dağ çaylarının balıq vətəgələri

Mürəkkəb idarə və təşkilat adları da bu üsullarla qurulur; məs.: Azərbaycan Dövlət Opera və Balet Teatrı, Azərbaycan Dövlət Tibb Universiteti, Azərbaycan Respublikası Təhsil Nazirliyi və s.

2. Mürəkkəb birləşmələrin digər bir quruluş modelində bir əsas, bir neçə asılı tərəf olur. Asılı tərəflərin hər biri birbaşa əsas tərəfə tabe olur. Əsas tərəf həm adlardan, həm də fe`llərdən ibarət ola bilir; məs.: kənddəki həmin üç balaca ev, şəhərdəki həmin iki maraqlı hadisə, uşaqları maşınla kəndə aparmaq, səhərə qədər vağzalda qatarı gözləmək, stolları bir-bir auditoriyaya daşımaq və s.

Bu cür birləşmələrin quruluş sxemləri:

şəhərdəki səhərə qədər

həmin vağzalda

iki hadisə qatarı gözləmək

maraqlı intizarla

 Bu növ ismi və fe`li birləşmələrin fərqli xüsusiyyətləri də var. İsmi birləşmələrdə asılı tərəflər əsas tərəfə eyni əlaqə növü (yanaşma) ilə bağlandığı halda, fe`li birləşmələrdə müxtəlif sintaktik əlaqə üsullarından (idarə və yanaşmadan) istifadə edilir.

3. Mürəkkəb birləşmələrin başqa bir növündə asılı tərəflərdən bir qismi əsas tərəfə deyil, birləşmə daxilində başqa bir sözə tabe olur; məs.: yayda iri yük maşınları ilə hazır meyvəni kənddən şəhərə gətirəndə; kitabları rəflərə düzəndə məktəbli dostunu köməyə çağırmaq və s. Birləşmələrin sxemi:

yayda

iri yük maşınları ilə

hazır meyvəni gətirəndə

kənddən

şəhərə

kitabları düzəndə

rəflərə dostunu çağırmaq

məktəbli

köməyə

Söz birləşməsinin tərkibində frazeoloji birləşmə olması onun quruluşuna tə`sir etmir, çünki frazeoloji birləşmələr adi sözlərə ekvivalent sayılır; məs.: Qonaqları yola salanda həyətə çıxdıq – cümləsində qonaqları yola salanda sadə birləşmədir.

Mürəkkəb birləşmələrin başqa quruluş modelləri də vardır.