- Dil

“Türkologiyanın aktual problemləri” mövzusunda elmi-praktik seminar keçirilib

27 yanvar 2023-cü il tarixdə Atatürk Mərkəzində tanınmış türkoloq alimlərin iştirakı ilə “Türkologiyanın aktual problemləri” mövzusunda elmi-praktik seminar keçirildi. Seminarda ilk olaraq filologiya elmləri doktoru, professor Tofiq Məliklinin məruzəsi dinlənildi. Seminarın moderatoru filologiya üzrə fəlsəfə doktoru İradə Musayeva qeyd etdi ki, Tofiq Məlikli uzun illərdir ki, Türkologiya elminin müxtəlif problemləri ilə bağlı araşdırmalar aparmış və xeyli sayda kitab ərsəyə gətirmişdir. Onun “60-cı və 70-ci illərin əvvəllərində türk poeiyası”(Moskva: 1980), “Nazim Hikmət və yeni Türkiyə şeiri” (Moskva: 1987), “Yeni türk şeiri: təşəkkülü və inkişafı” (Bakı: 1993), “Türkiyə ədəbiyyatı: köklər və budaqlar” (Moskva: 1990), “Türkoloji problemler” ( Bakı: 2008), “Türkiyə ədəbiyyatı tarixi” ( Moskva: 2010), “Dahinin tənhalığı. Fazil Hüsnü Dağlarca” (Мoskva: 2014), “Türkiyə şairləri” ( Bakı: 2017), “Türkoloji və filoloji problemlər” (Bakı: 2017) və s. bu kimi tədqiqatları həm ali məktəblərin müəllim və tələbələri, həm də elmi ictimaiyyət üçün əhəmiyyətlidir.

Daha sonra Türkologiya elminin bugünkü durumu, aktual problemləri ilə bağlı respublikanın tanınmış alimləri çıxış etdilər.
Filologiya elmləri doktoru, professor, AMEA-nın Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru, İctimai Elmlər Bölməsinin sədri, AMEA-nın həqiqi üzvü Gövhər Baxşəliyeva, filologiya elmləri doktoru, professor, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli, filologiya elmləri doktoru, BDU-nun Türkologiya kafedrasının professoru Məhərrəm Məmmədli, AMEA Dilçilik İnstitutunun Sosiolinqvistika və psixolinqvistika şöbəsinin müdiri Mayıl Əskərov, filologiya elmləri doktoru Abid Tahirli, filologiya elmləri doktoru, professor, AMEA Nizami adına Ədəbiyyat İnstitutu Asiya xalqları ədəbiyyatı şöbəsinin müdiri Bədirxan Əhmədov, filologiya elmləri doktoru, professor, AMEA Nəsimi adına Dilçilik İnstitutununTürkologiya şöbəsinin müdiri İsmayıl Kazımov, AMEA Folklor İnstitutunda xarici ölkələrlə əlaqələr bölməsinin rəhbəri Əli Şamil, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva, filologiya üzrə fəlsəfə doktoru,dosent, İ.M. Seçenov adına Moskva Dövlət Tibb universiteti Bakı filialının Bioloji Humanitar və İctimai Elmlər şöbəsinin müdiri Dürdanə Rəhimzadə, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dillər Universiteti Türkiyə Araşdırmalar Mərkəzinin müdiri Elçin İbrahimov, filologiya elmləri doktoru, professor Minəxanım Nuriyeva Təkləli, filologiya üzrə fəlsəfə doktoru, AMEA Nəsimi adına Dlçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, “Türkologiya” jurnalının məsul katibi Aysel Qəribli, filologiya üzrə fəlsəfə doktoru, Bakı Avrasiya Universitetinin baş müəllimi Zəminə Rüstəmbəyli, filologiya üzrə fəlsəfə doktoru, Bakı Avrasiya Universitetinin dosenti Elmira Məmmədova Kekeç, İqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Namik Muradov, filologiya üzrə fəlsəfə doktoru, Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Zəminə Ziyayeva və gənc araşdırmaçı-türkoloq Sərxan Bəşirov elmi seminarın mövzusu ilə bağlı müxtəlif aspektli nəzəri və praktik sahədəki problemlər haqqında ətraflı çıxışlar etdilər və əhəmiyyətli müzakirələr apardılar.

Tədbirin sonunda sadalanan məsələlərlə bağlı konseptual və daha genişmiqyaslı işlər görmək, Türkologiya elminin inkişafı və Azərbaycan Türkologiyasının dünya Türkologiya elmi tarixində əhəmiyyətli yer tutması üçün layihələr hazırlanması və o istiqamətdə konkret işlər görülməsi planlaşdırıldı. Tədbir iştirakçıları, tanınmış alimlər bu yolda bütün imkanlarını səfərbərliyə alacaqlarını qeyd etdilər. Nəticə olaraq türkoloji tədqiqatların əlaqələndirilməsi üçün Türkoloji Mərkəzin yaradılması qərara alındı.